Transxəzər marşrutunda yüklərin daşınmasında istifadə olunan iri gəmi-bərə fəaliyyətini dayandırıb

Transxəzər marşrutunda yüklərin daşınmasında istifadə olunan iri gəmi-bərə fəaliyyətini dayandırıb “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunur
İnfrastruktur
15 May , 2017 13:19
Transxəzər marşrutunda yüklərin daşınmasında istifadə olunan iri gəmi-bərə fəaliyyətini dayandırıb

Bakı. 15 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb.

Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər , eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib. Bərənin boru sistemləri və gövdə hissəsində də təmir işləri gedir. Gəmidə əlavə olaraq maye yüklərin daşınması zamanı dağılma baş verərsə həmin yükün toplanması üçün iki ədəd 13,5 kubmetrlik çən və qazanizator quraşdırılması planlaşdırılır.

Uzunluğu 154,5, eni 18,3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir. Gəmi-bərə hər səfərdə 28 vaqon götürə bilir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd "Ro-Ro" tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqongötürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

Rəqabətə davamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.

Son xəbərlər

Orphus sistemi