Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək gəmi təmir edilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək gəmi təmir edilib Gəminin yaxın günlərdə istismara verilməsi nəzərdə tutulub
İnfrastruktur
31 İyul , 2017 15:36
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək gəmi təmir edilib

Bakı. 31 iyul. REPORT.AZ/“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunub. 

Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. 

Qeyd edək ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəliftəyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, mexanizmlər, yanğından mühafizə avadanlıqları əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri görülüb.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və yük avtomobilləri daşıyacaq.

Hazırda gəminin maşın şöbəsində rənglənmə işləri aparılır. Gəminin istismara verilməsi isə yaxın günlərdə nəzərdə tutulub. 

Uzunluğu 154,50, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon və 32 TIR götürmək qabiliyyətindədir. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 "Ro-Ro" tipli gəmi var.

Son xəbərlər

Orphus sistemi