Yuxarı

​Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı Lənkəran və Cəlilabadda forum keçirilib

Forum Lənkəran şəhəri, Lerik, Astara, Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonları əhatə edib

Bakı. 31 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 30-31-də Lənkəran və Cəlilabadda torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçilik və torpaq bazarının təşkilinə dair növbəti regional işgüzar forum keçirib. Tədbir yerli icra hakimiyyətləri və bələdiyyələrin iştirakı ilə keçirilib.

“Report” Komitənin məlumatına əsasən bildirir ki, forum Lənkəran şəhəri, Lerik və Astara rayonlarını, habelə Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonları əhatə edib.

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, tədbirin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin rəhbərliyi, bələdiyyə sədrləri, üzvləri və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.

Bu cür forumların keçirilməsinə iyulun əvvəlindən başlanılıb. İndiyədək Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir, Gəncə və Qazaxda belə forumlar artıq keçirilib. Forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır. Bununla yanaşı, forumlarda torpaqlardan kateqoriyası və təyinatına zidd istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin tədbir iştirakçılarına çatdırılmasıdır.

Tədbirdə qeyd olunub ki, yeni əsasnaməyə görə, artıq Komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Ölkədə torpaqlardan təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, habelə onların mühafizəsinə nəzarətlə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Belə tədbirlər Bakı şəhəri və regionlarda mütəmadi qaydada aparılır və aşkar edilmiş qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirilir. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.

Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatıdırılıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi