Yuxarı

Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə texniki yardım layihəsinə yekun vurulub

Texniki yardım layihəsinə yekun vurulub
© Report / Elchin Murad

Bu gün Bakıda Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.

“Report” xəbər verir ki, konfransı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıq elan etdikdən sonra Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.

Sonra tədbirdə Layihənin Qrup rəhbəri Rimantas Yuozas Vaicenaviçiusun “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi layihəsi: qarşıya qoyulmuş məqsədlər və əldə olunmuş nailiyyətlər”, İCON İnstitutunun Statistika şöbəsinin rəhbəri Roland Delemontun “Layihənin konsorsiumu: nəticələrə hesablanmış əməkdaşlıq”, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin “Layihənin komponentləri: hədəflər və nəticələr” mövzularında təqdimatları da numayiş olunub.

Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoinin “Rəsmi statistikada istifadəçi tələblərinə cavab verən müasir stategiyalar”, Litva Statistika Departamentinin Baş direktoru xanım Jurate Petrauskienenin “Avropa Statistika Sisteminin inkişafında statistik proseslərin statdartlaşdırılmasının rolu”, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskinin “Rəsmi statistikanın inkişafında davamlı beynəlxalq əməkdaşlığın rolu” və BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin regional məsləhətçisi Steven Valenin “Avropa statistikasının beynəlxalq statistika sisteminə töhfəsi” mövzularında məruzələri dinlənilib.

Qeyd olunub ki, “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cu layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və s. sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.

Konfransda eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi də təşkil olunub. Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Niderland, Litva və Bolqarstan milli statistika qurumlarının rəhbərlərinin Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında Avropa və milli statistika sistemində baş vermiş son yeniliklərlə bağlı çıxışları da nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi