Yuxarı
    Bağlamaq

    ​TAP çərçivəsində Albaniyada 42 körpü bərpa olunub

    12 yol seqmenti yenilənib

    Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) marşrutu boyunca Albaniyada 42 körpü və 12 yol seqmenti bərpa olunub. Bu barədə "Report" TAP konsorsiumuna istinadən xəbər verir.

    Məlumata görə, Albaniyanın Fier regionunda 2 yeni körpü, 11 yenidən qurulmuş körpü və 2 yol seqmenti bərpa olunub. Berat və Çorovoda regionlarında 21 körpü və 6 yol seqmenti yenilənib. Korça regionunda 4 yol seqmenti və 9 körpü bərpa edilib.

    Yol infrastrukturunun bərpası çərçivəsində təxminən 220 min kv. metr asfalt çəkilib, 350 min kubmetr çınqıldan istifadə olunub, 70 min kv. metrdən çox yamac qoruyucu struktur quraşdırılıb, 10 min kubmetrdən çox beton döşənib. "Keçid yollarının və körpülərin bərpası işlərinə 600 nəfərdən çox işçi cəlb olunub. İşçilərin 90%-dən çoxu Albaniya vətəndaşıdır. Yol infrsatrukturunun təkmilləşdirilməsindən təxminən 200 min nəfər fayda görüb. Yollar və körpülər artıq yerli icmalar tərəfindən istifadə olunur", - məlumatda qeyd olunub.

    Qeyd edək ki, TAP marşrutu boyunca yolların və körpülərin bərpası işlərinə 2015-ci ildə başlanılıb.

    Xatıqladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi