Yuxarı

Sumqayıt şəhərində yeni Məhkəmə Kompleksinin təməli qoyulub

Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla, müasir milli memarlıq üslubunda layihələndirilib

Bakı. 9 iyul. REPORT.AZ/ Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

"Report"un Ədliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə,İnşa olunacaq məhkəmə kompleksinin ümumi sahəsi 1.25 hektardır. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu kompleks də ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video, "elektron məhkəmə" informasiya sistemləri və digər zəruri infrastruktur quraşdırılacaq.

Mərasimdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov bildirib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilib, bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hər bir hakimə köməkçi ştatı ayrılıb, eləcə də hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılıb.

Həmçinin mərasimdə yeni tikilən məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə, "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi qeyd olunub.

Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi