​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 iş yeri açılacaq

​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 iş yeri açılacaq Qurumun strukturunda enerji səmərəliyi və yol nəqliyyatının təmin edilməsi üzrə komitələr yaradılacaq
İnfrastruktur
10 Fevral , 2016 13:18
​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 iş yeri açılacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) qeyri-neft sektoru və sahibkarlığın inkişaf etdirilməsi üçün keyfiyyət infrastrukturu sahələrində aparılan islahatlara həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Komitənin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi prioritet istiqamətlərdəndir: "Son illər ölkədə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Bu il Komitədə 70 iş yeri açılacaq, bunlardan 30-u paytaxtda, 40-ı isə regionlarda olacaq. Əsasən yeni yaradılan müəssisələrin tərkibində açılacaq bu iş yerləri sertifikasiya sahəsində olacaq. İş yerləri üçün vakant vəzifələrə attestasiyadan keçənlər qəbul ediləcək. Eyni zamanda Komitənin tərkibində Apellyasiya Şurası yaradılıb. Şurada Komitəyə ünvanlanan şikayətlərə baxılacaq. Hazırda Komitə üçün 205-ci məhəllədə yeni inzibati bina tikilir".

Aparat rəhbəri qeyd edib ki, ölkədə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb: "Keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza – etalon və sınaq laboratoriyaları qurulub. İslahatlar nəticəsində uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin inkişafı üzrə də bir sıra mühüm işlər görülüb. Eyni zamanda "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"qanun qəbul edilib, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartlar hazırlanıb. Bununla belə, fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Akkreditasiya sahəsində standartlaşma üzrə Texniki Komitə yaradılıb".

A.Əşrəfovun sözlərinə görə, hazırda istənilən şəxs həm Komitənin, həm də Dövlət Akkreditasiya Xidmətinin saytı vasitəsilə həm akkreditasiya olunan orqanlar barədə ətraflı məlumat, həm də sertifikatlaşdırma orqanlarının sertifikatlaşdırdıqları müəssisə və məhsullar barədə məlumat əldə edəcəklər: "Bu isə öz növbəsində istehlakçılara məhsul, mal və xidmət seçimində yardım edir, ictimaiyyəti operativ məlumatlandırır, bu sahədə baş verə biləcək saxtakarlıq hallarının qarşısını alır. Ölkə Prezidentinin "Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən, struktura daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələri iki il müddətinə ləğv edilib. Sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi təmin edilib. Eyni zamanda, sertifikatlaşdırma fəaliyyəti müstəqilləşdiriləcək. Komitə nəzdində iki yeni – enerji səmərəliyi və yol nəqliyyatının təmin edilməsi üzrə komitələr yaradılacaq. Bu komitələr vasitəsi ilə sertifikatlaşdırma işlərini müstəqil həyata keçirmək mümkün olacaq. Belə ki, bunun üçün Komitəyə müraciət edən qurumlar akkretidasiyadan keçməklə müstəqil şəkildə sertifikat vermək hüququna malik olacaq".

Son xəbərlər

Orphus sistemi