Yuxarı

​"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması üzrə işçi qrupu yaradılacaq

Bu barədə İran və Azərbaycan nümayəndələrinin Astara görüşündə qərar qəbul olunub

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

"Report" xəbər verir ki, bu barədə iqtisadi, ticari və humanitar məsələlər üzrə Azərbaycan-İran birgə komissiyası nümayəndələrinin Astarada keçirilən görüşündən sonra jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

“Bugünkü iclasın əsas məqsədi Azərbaycan və İran ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması üçün müzakirələrin aparılması, birgə layihələrin hazırlanması və bu istiqamətdə işlərin görülməsidir. Biz hər iki ölkənin yüksək rütbəli nümayəndələrinin iştirakı ilə çox məhsuldar müzakirələr apardıq. Hesab edirik ki, bu dəhlizin səmərəliliyinin artırılması hər iki ölkənin öz tranzit imkanlarını genişləndirməsinə, dəfələrlə artırılmasına gətirib çıxara bilər və həm iqtisadi, həm siyasi baxımdan ölkələrə dividentlər gətirə bilər. Biz müzakirələrin nəticəsi olaraq, müvafiq işçi qrupların yaradılması barədə qərarlar qəbul etdik",- deyə o bildirib.

Nazirin sözlərinə görə, müzakirələr sabah İran Astarasında davam etdiriləcək.

"Nümayəndə heyətləri sabah danışıqlar aparacaq, danışıqların nəticəsi olaraq biz razılaşdığımız layihələr əsasında müvafiq qərarlar qəbul edəcəyik, nümayəndə heyətlərinin üzvlərinə müvafiq tapşırıqlar verəcəyik. İnanırıq ki, bu gün və sabah görüləcək işlərin nəticəsində nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görüləcək və dediyim kimi, hər iki ölkəyə həm siyasi, həm iqtisadi dividentlər gətirəcək”, - deyə Şahin Mustafayev qeyd edib.

Öz növbəsində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vazehi bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi digər alternativ dəhlizlərlə müqayisədə həm vaxt, həm də maliyyə baxımından çox sərfəlidir. Onun sözlərinə görə, bu dəhliz iki ölkənin tranzit xətlərini birləşdirməklə Hindistandan tutmuş Avropaya qədər məsafədə yükdaşımaların daha tez və sərfəli həyata keçirilməsinə şərait yaradacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi