Salyanın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb

Salyanın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb Bakı. 26 dekabr. REPORT.AZ/ “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.
İnfrastruktur
26 Dekabr , 2017 11:14
Salyanın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Quyçu kəndində açılış mərasimi keçirilib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də içməli su layihələrinin həyata keçirildiyini bildirib.

“Azərsu”nun sədr müavini İlqar Tağıyev isə ötən il Salyan şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verildiyini xatırladaraq hazırda şəhər şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində su layihələrinin icrası yekunlaşıb və növbəti illərdə də bu layihələr davam etdiriləcək.

Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib.

Qeyd edək ki, sərəncama uyğun olaraq Salyan rayonunda icra olunan layihələr 5 kəndi - Qırxçıraq, Seyidsadıxlı, Quyçu, Alçalı və Qızılağac kəndlərini əhatə edir. Sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə mənbə olaraq Şirvan-Muğan qrup su kəməri seçilib. Su kəmərindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 11 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 37 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Salyan rayonunun 5 kəndinin 5400 nəfər sakini faydalanıb.

Son xəbərlər

Orphus sistemi