​“Şahdəniz-2” layihəsində iştirak edəcək kran gəmisinin dok təmiri yekunlaşıb

​“Şahdəniz-2” layihəsində iştirak edəcək kran gəmisinin dok təmiri yekunlaşıb Yaxın günlərdə gəmidə bir sıra modernləşmə işlərinin aparılması da nəzərdə tutulub
İnfrastruktur
29 Oktyabr , 2015 18:55
​“Şahdəniz-2” layihəsində iştirak edəcək kran gəmisinin dok təmiri yekunlaşıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan” kran gəmisinin dok təmiri başa çatıb. Təxminən 1,5 ay davam edən təmir zamanı gəminin metal gövdəsi, lövbərləri, lövbər zəncirləri təmizlənərək rənglənib, iki baş mühərriki təmir edilib, gəmi sistemləri və qurğuları yoxlanaraq sınaqdan keçirilib, kran mexanizmlərinin tənzimlənməsi işləri görülüb. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-in Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, yaxın günlərdə gəmidə bir sıra modernləşmə işlərinin aparılması da nəzərdə tutulub.

Qeyd edək ki, cəmiyyətə məxsus uzunluğu 127 metr, eni 34 metr olan “Azərbaycan” kran gəmisi öz ölçülərinə və kranının yükqaldırma qabiliyyətinə (2 500 ton) görə Xəzərdə ən böyük və güclü kran gəmisidir. Bu səbəbdən gəmi regionda ən iri üzən doka qaldırılıb.

Dəniz özülləri bloklarının yüklənməsi, boşaldılması, daşınması, dənizdə 200 metrədək dərinlikdə qoyulması kimi mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gələn “Azərbaycan” kran gəmisi istismara qayıtdıqdan sonra, “Şahdəniz-2” layihəsinin həyata keçirilməsində yaxından iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi