Yuxarı
    Bağlamaq

    Sabunçu rayonunda ​“kütləvi çıxarış” kampaniyası keçirilib

    Rayonun Bakıxanov qəsəbəsində 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub

    Bakı. 4 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi birbaşa vətəndaşların ünvanına çatdırılan “Kütləvi çıxarış” kampaniyasını davam etdirir. Komitədən "Report"a daxil olan xəbərə görə, kampaniya regionlarla yanaşı, artıq bir neçə gündür Bakı şəhərində də keçirilir. 

    Səbail rayonunda start götürən kampaniya “bir pəncərə” prinsipi əsasında bu gün Sabunçu rayonunda baş tutub. Belə ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən 88 mənzilli binada yaşayan sakinlər kampaniyadan faydalanıb. Binadakı 30 mənzil sahibinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub.

    Qeyd edək ki, ötən ildən başlayaraq kampaniya ilk mərhələdə regionlarda keçirilirdi. İndiyədək respublikanın 20-dən çox şəhər və rayonunda birbaşa ünvanlarda keçirilən kampaniyaya paytaxt sakinləri də cəlb olunmağa başlayıb. Komitənin mobil ofisləri vasitəsilə (xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri) həyata keçirilən kampaniya çərçivəsində paytaxtdakı çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də sakinlərdə olan mülkiyyətə dair ilkin sənədlərin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.

    Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi