Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyada 2019-cu il yanvarın 1-dən etibarən qara metalın Azərbaycanla sərhəddə yerləşən Samur stansiyası vasitəsilə ixracı üçün xüsusi tarif şərtləri tətbiq olunacaq.
"Report" xəbər verir ki, "Rusiya Dəmir Yolları" (RDY) İdarəsi "tarif dəhlizi" çərçivəsində 2019-2020-ci illər üçün yük daşınması tariflərinin səviyyəsini azaltmaqla bağlı bir sıra qərarlar qəbul edib.
Qərarlardan biri ölkə xaricinə göndərilən metallurgiya müəssisələrinin məhsullarına aiddir.
RDY-nin məlumatında qeyd olunur ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kasik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.
RİA-nın məlumatına görə, onlar iki il müddətinə götürülür ki, bu da yükdaşımalar üçün nəqliyyat xərclərinin proqnozlaşdırılmasını təmin edəcək və gələcək üçün malların daşınma həcmini sabit tutacaq.