Yuxarı

​Rusiya avtomobil istehsalçıları İran bazarına maraq göstərir

AvtoVAZ, QAZ və KamAZ İranda avtomobillərin yığımına başlamaq niyyətindədir

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın "AvtoVAZ", QAZ və "KamAZ" zavodları avtomobillərin İranda yığım istehsalını təşkil etmək üçün danışıqlara başlayıb. "Report"un "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, hələlik tərəflər arasında yekun razılıq əldə olunmayıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi hesab edir ki, İrana qarşı qüvvədə olan sanksiyalar götürüldüyü halda, Rusiya şirkətlərinin İran ərazisində öz avtomobil modellərinin artıq yığım istehsalı təcrübəsinə malik olan Avropa və Amerika avtomobil istehsalçıları qismində ciddi rəqibləri yaranacaq.

Qeyd edək ki, bu məsələ Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin hələ 2014-cü ilin noyabrında İrana səfəri zamanı müzakirə edilib.

Rusiya avtomobil istehsalçıları daxili bazarda böhran təzahürlərini nəzərə alaraq, ilin əvvəlində məlumat verib ki, daxili bazardakı satışın itkilərini ixrac hesabına kompensasiya etmək niyyətindədirlər.

"AvtoVAZ"ın idxalçıları əsasən Azərbaycan, Qazaxıstan və Ukraynadır. Avropa, Yaxın Şərq və Latın Amerikasına isə az miqdarda avtomobil ixracı həyata keçilir.

QAZ qrupu uzaq xaricə ixrac payını 5 il müddətində 30%-ə qədər artırmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi