Rumıniyanın nəqliyyat nazirinin müavini: "Rumıniya BTQ dəmir yolu xətti ilə yüklərin Aİ ölkələrinə çatıdırılmasında maraqlıdır" - MÜSAHİBƏ

Rumıniyanın nəqliyyat nazirinin müavini: "Rumıniya BTQ dəmir yolu xətti ilə yüklərin Aİ ölkələrinə çatıdırılmasında maraqlıdır" - MÜSAHİBƏ Rumıniyanın “CFR Marfa SA” şirkətinin Konstantsa limanından Almaniyaya qədər yük daşımaq imkanı var
İnfrastruktur
18 Sentyabr , 2017 09:28
Rumıniyanın nəqliyyat nazirinin müavini: Rumıniya BTQ dəmir yolu xətti ilə yüklərin Aİ ölkələrinə çatıdırılmasında maraqlıdır - MÜSAHİBƏ

Buxarest. 18 sentyabr. REPORT.AZ/ Rumıniyanın nəqliyyat nazirinin müavini Maria Maqdalena Qriqorenin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

- Bu il Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Hazırda iki ökə arasında nəqliyyat sahəsində əlaqələri necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və 1991-ci ildən bəri ölkələrarası münasibətlər müsbət və sabit inkişaf yolu keçib. Son bir neçə ildə dövlət başçıları, xarici işlər nazirləri və parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Nəticədə, 2009-cu ildə ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunun reallaşdırılması üçün 2011-ci ildə Rumıniya ilə Azərbaycan arasında Birgə Fəaliyyət Planı imzalanıb. Nəqliyyat sahəsinə gəldikdə isə deyə bilərəm ki, son illər ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edib. Məsələn, 2016-cı ildə Avropa Parlamentinin Nəqliyyat Komitəsinin (AP) təşkil etdiyi, Azərbaycanın nəqliyyat sahəsində layihələrinin təqdimatının keçirildiyi konfransda biz Azərbaycanın Nəqliyyat Nazirliyinin rəhbərliyi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru ilə görüşləri xatırlaya bilərik. Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı Avropanın nəqliyyat siyasəti, İpək Yolu ilə Çindən yüklərin daşınması və digər məsələlər ətrafında müzakirələr apardıq. Qərara alındı ki, tərəfdaşlığın inkişaf etidirilməsi məqsədilə nazirliklərimiz arasında ikitərəfli saziş imzalansın.

- Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə veriləcək. Bu, Çindən Avropaya yüklərin dəniz yolu ilə müqayisədə 12-15 gün tez çatdırılmasına imkan verəcək. Bu layihədə Rumıniya iştirak etməkdə maraqlıdırmı? Yüklərin Qara dənizdən və yaxud Türkiyə-Bolqarıstan ərazilərindən keçməklə Mərkəzi və Qərbi Avropaya daşınmasında Rumıniya tranzit ölkəyə çevrilə bilərmi?

- Rumıniya BTQ dəmir yolu xətti istismara verildikdən sonra Çindən gələcək yüklərin ölkə ərazisindən keçməklə Mərkəzi və Qərbi Avropaya çatdırılmasında maraqlıdır. Rumıniyada dəmir yolu ilə yükdaşıma həyata keçirən “CFR Marfa SA” şirkəti azərbaycanlı tərəfdaşları ilə bir sıra beynəlxalq yükdaşıma layihələrində əməkdaşlığı davam etdirmək niyyətindədir. Biz həmçinin Çindən Avropaya tranzit daşınacaq yüklərin “Bir kəmər, bir yol”, “Yeni İpək Yolu” və digər layihələr çərçivəsində Konstantsa limanından keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə, eləcə də əks istiqamətdə daşınmasını dəstəkləyirik. Bununla yanaşı “CFR Marfa SA” və Konstantsa limanının rəhbərliyi Rumıniyanın Avrasiya Nəqliyyat dəhlizinə daxil olmasına və yüklərin sözügedən dəhlizlə daşınmasına cəlb olunub. Rumıniya ərazisindən Mərkəzi və Qərbi Avropaya loqistik xidmətlər üzrə kompleks və cəlbedici təkliflərin edilməsi məqsədilə “CFR Marfa SA” “Rumıniya – Avropaya darvaza” konsepsiyasını irəli sürüb. Bu məqsədlə ötən il Konstantsa Dəniz Limanları Administrasiyası ilə əməkdaşlıq protokolu imzalanıb. Trans-Xəzər benyəlxalq nəqliyyat marşurutunu daha səmərəli etmək məqsədilə şirkət Konstantsa limanından Almaniyaya qədər yuvarlanan dartma və vaqon platformalarını, eləcə də tam konteyner qatarlarını rəqabətqabiliyyətli nəqliyyat tarifləri ilə daşımaq imkanına malikdir. Eyni zamanda “CFR Marfa SA” Konstantsa limanının imkanlarını nəzərə alaraq Avropa-Qafqaz-Asiya TRASECA, “RFC 7” (“Route of Rail Freight Corridor 7”) və digər beynəlxalq dəhlizlərdə yük axınını artırmaq məqsədilə bır sıra qısa, orta və uzun müddətli texniki və kommersiya təklifləri ilə çıxış edib və bu da, Rumıniyanın nəqliyyat və tranzit istiqamətində təklif etdiyi imkanların rəqabət gücünü artıracaq.

- Azərbaycan şirkətləri bir çox xarici ölkələrin yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasında, bərpasında iştirak ediblər və bu sahədə kifayət qədər təcrübəyə malikdirlər. Necə hesab edirsiniz, şirkətlərimiz Rumıniya bazarına da daxil ola bilərmi?

- Əlbəttə, Azərbaycan şirkətləri və yaxud iş adamları ölkəmizdə yol-nəqliyyat infrastrukturunun bərpasına, yenidən qurulmasına cəlb oluna bilərlər. Bir şərtlə ki, onlar mövcud qanunvericiliyin tələblərinə cavab versinlər. Nəzərə alaq ki, satınalmalar üzrə müqavilələrin bağlanması, xidmətlərin göstərilməsi üçün açıq tenderlər keçirilir. Yerli şirkətlərlə yanaşı, bizim tərəfdaş olduğumuz ölkələri təmsil edən xarici şirkətlər də “98/2016” saylı “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə cavab verirlərsə təşkil olunan tenderlərə qatıla bilərlər. Biz Azərbaycan şirkətlərinin infrastrukturun bərpası işində iştirakını mümkün hesab edirik. Tenderlərlə bağlı www.e-licitatie.ro ünvanında yerləşən internet səhifəsindən daha ətraflı məlumat almaq olar.

- Bu ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri zamanı onun polşalı həmkarı Andjey Dudan Polşadan Azərbaycana birbaşa dəmiryolu xəttinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu, reallaşsa Rumıniya həmin layihədə iştirak etməkdə maraqlı olacaqmı?

- Polşa prezidentinin bu təşəbbüsünü dəstəkləyirik. Nəzərə alaq ki, 2016-cı ildə “CFR Marfa SA” və Konstansta limanı Polşanın “PKP CARGO S.A” şirkəti və Qdansk limanı ilə Baltik və Qara dənizlər arasında yüklərin daşınması məqsədi ilə əməkdaşlıq etməyə başlayıb. Əlbəttə bu əməkdaşlıq təklifləri, eləcə də “Rumıniya – Avropaya darvaza” konsepsiyası da daxil olmaqla hesab edirik ki, yüklərin Azərbaycandan Mərkəzi Asiya ölkələrimə və əks istiqamətə - Qərbi Avropaya qədər daşınmasında Konstantsa limanı mühüm mərkəzlərdən birinə çevriləcək.

- Bu ilin sonunda TRACECA Hökumətlərarası Komissiyasının (HK) Daimi Katibliyinin 13-cü iclası keçiriləcək və növbəti illər üçün baş katib vəzifəsinə seçkilər baş tutacaq. Siz TRACECA Hökumətlərarası komissiyasının Rumıniya üzrə milli katibisiniz. Maraqlıdır, hazırki baş katib, həmyerliniz Mirça Çiopraqanın yenidən bu vəzifəyə seçilməsi şansını necə qiymətləndirirsiniz?

- Bəli, TRACECA HK-nın Daimi Katibliyinin ilin sonunda keçiriləcək iclasının gündəliyinə baş katib postuna seçkilər də daxil edilib. Hesab edirik ki, Aİ-nın üzvü olan bir dövlətin namizədi - Mirça Çiopraqanın yenidən bu vəzifəyə seçilməsi saziş iştirakçıları arasında davamlı, konstruktiv və səmərəli dialoqu təmin edə bilər. M.Çiopraqa 2015-ci ilin yanvar ayında TRACECA-nın baş katibi seçilib, TRACECA və Aİ-na üzv dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla diplomatik əlaqələri bu günə qədər uğurla davam etdirib. İnanırıq ki, onun yenidən bu vəzifəyə seçilməsi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizini (köhnə İpək Yolu) canlandıracaq və Çindən Qazaxıstan, Azərbaycan, Gürücüstan və Türkiyə vasitəsi ilə Avropaya dəniz, avtomobil və dəmiryolu ilə mal ixracının artırılmasını nəzərdə tutan dəhlizin inkişaf etdirilməsinə təkan verəcək. 

Son xəbərlər

Orphus sistemi