Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Quba rayonunda havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda dağın ətəklərinə bir neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru hərəkət edib. Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb oliub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən "Report"a bildirilib ki, ümumilikdə, sözügedən ərazidə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə “Azəryolservis”in Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası cəlb edilib. Texnikanın çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq, qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.
“Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmağı xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmağı tövsiyə edir.