Yuxarı

​Quba rayonunun Qəçrəş kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulub

Bakı. 28 iyul. REPORT.AZ/ “Azərsu” ASC Quba rayonunun Qəçrəş kəndinin içməli su təchizatı ilə bağlı layihəni başa çatdırıb. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq bölgələrdə 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanıb və artıq 23 şəhərdə işlər başa çatdırılıb: “Bu il daha 7 rayon mərkəzində su layihələrinin icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində işlərə başlanılması nəzərdə tutulur. “Azərsu” hazırda Masallı rayonunun Muğan bölgəsində yerləşən 5 kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayonlarının sudan əziyyət çəkən kəndlərində, həmçinin Biləsuvar rayonu və Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra edir”.

Xatırladaq ki, Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulub, kəndin yüksəklikdə yerləşən hissəsində ümumi tutumu 600 kubmetr olam 2 su anbarı tikilib, kənd daxilində polietilen borularla 2 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb. Hazırda paylayıcı şəbəkədən evlərə çıxışların və birləşmələrin verilməsi işləri həyata keçirilir. Layihənin icrası nəticəsində Qəçrəş kəndinin yüksəklikdə yerləşən hissəsində yaşayan 1 250 sakinin içməli su problemi həllini tapacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi