Yuxarı
    Bağlamaq

    Qəbələnin Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu təmir edilir

    Ümumilikdə, yolun 55 min kv. metrdən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub

    Bakı. 26 aprel. REPORT.AZ/ Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun hərəkət hissəsi sıradan çıxdığı üçün əsaslı təmir edilir. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 11 km, eni 5 metrdir, torpaq yatağının eni isə ərazidən asılı olaraq 7-10 metr arası dəyişir. Aparılan işlər çərçivəsində zəruri olan yerlərdə yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.

    Əsaslı təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Hazırda yol boyu hamarlayıcı və aşınma qatlarının döşənməsi işləri həyata keçirilir. Ümumilikdə, yolun 55 min kv. metrdən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

    Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidi inşa olunub.

    Aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

    Qeyd edək ki, yolun əsaslı təmir olunması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa, Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxışı təmin olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi