"​Qazaxıstan Dəmir Yolları"nın prezidenti yeni Bakı Limanına səfər edib

"​Qazaxıstan Dəmir Yolları"nın prezidenti yeni Bakı Limanına səfər edib Limanın baş direktoru Taleh Ziyadov rəhbərlik etdiyi qurum barədə qonaqlara ətraflı məlumat verib
İnfrastruktur
1 Avqust , 2016 17:59
​Qazaxıstan Dəmir Yollarının prezidenti yeni Bakı Limanına səfər edib

Bakı. 1 avqust. REPORT.AZ/ “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Maminin rəhbərliyi altında nümayəndə heyəti bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına işgüzar səfər edib. Limandan "Report"a verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov limanın fəaliyyət prinsipləri, burada tətbiq olunan və dünya standartlarına cavab verən prosedurlar barədə danışıb. Qeyd olunub ki, yüklərin qeydiyyatı operativ şəkildə, minimim bürokratik gecikmə ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Yeni Bakı Limanında xarici sürücülərin dincəlməsi üçün müvafiq şərait yaradılıb, liman və bank xidmətləri isə günün 24 saatı işləyir.

Qonaqların diqqətinə çatdırılıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımanın həcmi 30%-dən çox artıb. Tranzit yüklərin əsas artım istiqaməti Bakı-Aktau və əks istiqamətdə qeydə alınıb. Belə ki, iri həcmli nəqliyyat vasitələri və digər avtomobillərin 53%, TEU ekvivalentində konteynerlərin isə 20%-i Bakı-Aktau-Bakı istiqamətində baş tutub.

A.Mamin Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırdıqlarını qeyd edib. Onun sözlərinə görə, həm Aktau limanı, həm də inşası həyata keçirilən Kurık limanı Xəzər dənizində yükdaşımanın həcminə müsbət təsir göstərəcək. Buradan yeni Bakı Limanına hərəkət edəcək mövcud və yeni bərələrdən istifadə olunacaq. Ən əsası isə Kurık ətrafında yeni Bakı Limanında olduğu kimi azad ticarət zonası yaradılıcaq. Gözlənilir ki, təkcə Kurık limanı gündə 5 bərəyə xidmət göstərərək, ildə əlavə 4 milyon ton yükün aşırılmasını təmin edəcək. Bununla da, ümumiyyətlə, Çinlə Avropa birləşdirən Yeni İpək Yolu boyunca hərəkət edən yükün həcmi artacaq.

Xatırladaq ki, Qazaxıstanın baş nazirinin müavini Bakitjan Sagintayev fevralın 15-də yeni Bakı Limanın fəaliyyət prinsipləri ilə tanış olmaq üçün Azərbaycana rəsmi səfərə gəlib. Həmin dövrdən başlayaraq, Bakı və Aktau limanlarıının əməliyyat prinsiplərinin sinxronlaşdırlması üçün qarşılıqlı səfərlər, təcrübə mübadiləsi həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi