Prezident İlham Əliyev: "Qazlaşdırmanı 92 faizə çatdırmaq Azərbaycan üçün böyük nailiyyətdir"

Prezident İlham Əliyev: "Qazlaşdırmanı 92 faizə çatdırmaq Azərbaycan üçün böyük nailiyyətdir" "Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi"
İnfrastruktur
17 Aprel , 2017 13:36
Prezident İlham Əliyev: Qazlaşdırmanı 92 faizə çatdırmaq Azərbaycan üçün böyük nailiyyətdir

Bakı. 17 aprel. REPORT.AZ/ "Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, o vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi: "Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq".

Prezident İlham Əliyevin sözlərinə görə, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib: "Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik".

Azərbaycan Prezidenti deyib ki, birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb: "Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət almışdır. Dünən Yevlax rayonunda iki yol layihəsini istismara verdik. Demək olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi".

Son xəbərlər

Orphus sistemi