Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb

    Dövlət başçısı 2014-cü il 20 fevral tarixli fərmana dəyişikliklər edib

    Bakı. 21 May. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2006-cı il 28 dekabr tarixli fərmanda dəyişikliklər edilməsi barədə” Azərbaycan Prezidentinin 2014-cü il 20 fevral tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

    "Report" xəbər verir ki, fərmanda bildirilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

    Adından, preambuladan, 1-ci, 2-ci və 3-cü (hər iki halda) hissələrdən “və Sənaye” sözləri çıxarılsın.

    3-cü hissədə “172” rəqəmləri “199” rəqəmləri ilə əvəz edilsin.

    Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə” üzrə:

    3.1. adından və 1.1-ci bənddən “və Sənaye” sözləri çıxarılsın;

    3.2. 1.1-ci bəndə “daxili ticarət” sözlərindən əvvəl “dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması,” sözləri əlavə edilsin;

    3.3. 2.0.3-cü və 3.0.8-ci yarımbəndlərdən “, dövlət satınalmaları” sözləri çıxarılsın;

    3.4. aşağıdakı məzmunda 2.0.8-1-ci və 3.0.46-1-ci yarımbəndlər əlavə edilsin:

    “2.0.8-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;”;

    “3.0.46-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamaq, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;”;

    3.5. 5.3-cü bəndin birinci cümləsindən “və sənaye” sözləri çıxarılsın;

    3.6. 5.5.5-ci yarımbəndə “digər qurumların” sözlərindən sonra “(strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla)” sözləri əlavə edilsin.

    Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu”nun adından, 1-ci, 2-ci və 4-cü hissələrindən “və Sənaye” sözləri çıxarılsın.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi