Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev Göyçayda bir sıra obyektlərin açılışında iştirak edib

    Rayonda musiqi və şahmat məktəbi, YAP-in yeni binası və SES istifadəyə verilib

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçaya səfəri çərçivəsində bir sıra obyektlərin açılış mərasimində iştirak edib və rəmzi açılışı bildirən lentləri kəsib.

    "Report" xəbər verir ki, ilk olaraq Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

    Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

    Qeyd edilib ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

    Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışı olub. Prezident ikimərtəbəli binada yaradılan şəraitlə tanış olub.

    Binada akt zalı, elektron kitabxana, YAP rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

    Bildirilib ki, YAP-ın Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.

    İlham Əliyevin səfəri çərçivəsində Şahmat Məktəbinin açılışı da baş tutub.

    Bildirilib ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.

    Qeyd edilib ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

    Sonda məktəbin müəllim və şagirdləri dövlət başçısı ilə xatirə şəkli çəkdiriblər.

    Prezident İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.

    Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.

    Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

    Xəstəxana ilə tanışlıqdan sonra dövlət başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Prezidentin səfəri zamanı, həmçinin “Göyçay” Su Elektrik Stansiyasının açılışı olub.

    Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev stansiyanı işə salıb.

    Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilib. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılıb. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi