Yuxarı
    Bağlamaq

    Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO

    Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcud yolların yenidən qurulması və genişləndirilməsi işləri aparılır

    Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması üçün Yusif Səfərov küçəsi və ətraf ərazilərdə yenidənqurma işləri aparılır.

    “Azəravtoyol”un Mətbuat Katibliyindən "Report"a bildirilib ki, tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür.

    Sözügedən ərazilərdə aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə prospektlərdən şəhər mərkəzinə doğru girişdə Y.Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir.

    Sadalanan istiqamətdə işlərə ilkin olaraq Y.Səfərov küçəsindən başlanılıb. Küçə bir neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.

    Genişləndimə işləri küçə boyu davam etdiriləcək. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

    Aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır.

    Bundan başqa, avtonəqliyyat vasitələrinin Y.Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Y.Səfərov küçəsinə paralel 1,1 km uzunluğunda yeni yol salınır.

    Layihəyə uyğun olaraq hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.

    Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir.

    Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa olunandan sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Y.Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospektlərinə doğru rahat çıxışı təmin olunacaq.

    Sergey Senyuşkin küçəsinin hazırda mövcud 365 metr uzunluğunda olan hissəsi tam olaraq təmir olunub. Təmir işləri zamanı küçəyə yeni asfalt-beton örtük döşənib, mövcud səkilər bərpa olunub və yenilərinin tikintisi istiqamətində işlər aparılıb.

    Bundan əvvəl isə Y.Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası yüksək keyfiyyətlə aparılaraq başa çatdırılıb. Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir.

    Layihəyə əsasən 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. Yeni yolun kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla da, Y.Səfərov küçəsindən Fəzail Bayramov küçəsinə hərəkət məsafəsi xeyli qısaldılaraq rahatlaşdırılıb.

    Qeyd edək ki, Y.Səfərov küçəsinin yenidən qurulması, hər iki istiqaməti üzrə paralel yolların çəkilişi sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxaracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi