Yuxarı
    Bağlamaq

    Paytaxtda daha iki küçə təmirdən sonra istifadəyə verilib - VİDEO

    Cəfər Xəndan küçəsinin daha 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin, piyadaların maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün “Azəravtoyol” ASC Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

    "Azəravtoyol”un Mətbuat Katibliyindfən "Report"a bildirilib ki, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. 

    N.Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, küçənin təmir olunan hissəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1 200 poqon metr yeni səki daşları düzülüb.

    C.Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə, küçənin sözügedən hissəsində 5 500 kv.m sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 poqon metr yeni səki daşları düzülüb.

    Təmir işləri zamanı C.Xəndan və N.Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

    Qeyd edək ki, bundan əvvəl C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hissələrində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti etapda son olaraq küçənin İ.Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi