Yuxarı

Ötən ay Azərbaycanda 0,7% inflyasiya qeydə alınıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% ucuzlaşıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarmasının, makaron məmulatları, qoyun və mal ətinin, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınları, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sement, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətləri, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi