Yuxarı

Nobel prospektində avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib

Prospektin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeraltı keçid inşa edilir

Bakı. 5 aprel. REPORT.AZ/ "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. Bu səbəbdən həmin hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.

Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilir. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirir.

Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq.

"Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşaası işləri aparılır. Bu üzdən Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməsi tövsiyə olunur", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində daha bir bu cür keçidin inşaası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə aparılacaq.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi