"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Metropoliteni QSC-nin Nərimanov elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir.
İnfrastruktur
13 Noyabr , 2018 10:34
Nərimanov elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Bakı. 13 noyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında qeyd edilir ki, son illərdə metropolitenin yeganə elektrik deposu texnoloji cəhətdən sürətlə dəyişməkdədir: “Buna qədər yeni nümunəvi anbar təsərrüfatı sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli sahələr yaradılıb. Yaxın gələcəkdə isə "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir. Belə mühüm işlər lokomotiv təsərrüfatında davamlı olaraq aparılır. Bu mənada metropoliten tarixi üçün ən əhəmiyyətli yenilik əsas təmir işlərinin aparıldığı 3 saylı cari təmir sexinin yenidənqurulması olub. Sex döşəməsindən damına qədər müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq yenilənib, əmək şəraiti optimal iş ardıcıllığına uyğun qurulub, işçilərin sosial-məişət şəraiti yeni tələblər səviyyəsinə çatdırılıb, əl əməyini ən minimal həddə çatdıran yeni tipli avadanlıqlar alınaraq quraşdırılıb”.

Açıqlamada deyilir ki, işlərin daha bir mərhələsi istismara verildiyi 50 ildən artıq vaxt ərzində əsaslı təmir-bərpa işləri aparılmayan qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir.

“Qatarlara baxış və təmir işlərinin böyük hissəsinin vaqonaltı avadanlıqlarla bağlı olduğunu nəzərə alsaq, yenidənqurma tədbirləri əmək şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir əhəmiyyətli yenilik kimi diqqəti çəkir. Bu, qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmirin keyfiyyətində də özünü büruzə verəcək. Yenidənqurma işləri çərçivəsində hər iki qanov bütün texniki şərtlər nəzərə alınaraq, nümunələr üzrə təmir olunub. Əvvəlcə, qanov yolları sökülərək, müasir tələblərə uyğun, beton əsas üzərində qurulub, yolun üst quruluşu elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. İşlər çərçivəsində elektrik xətləri dəyişdirilib, işıqlanma sistemi yenidən qurulub, suların kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılıb. Qanovların döşəmələri, divarları suvanıb rənglənib, ən əsası, onların hündürlüyü normativ göstəricilərə uyğunlaşdırılıb. Qatarın ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində ilk dəfə xüsusi mexanizm quraşdırılıb. Artıq təmirdən çıxmış iki qanova nəzər salanda, gələcəkdə bu sahənin görünüşünün də tamamilə dəyişəcəyi şübhə doğurmur. Hazırda təmir-abadlaşdırma işləri növbəti 3 qanovda başlanıb. Qanovlara giriş sahəsinin yol infrastrukturu da tamamilə yenidən qurulub. Depo və park yollarının təyinatına uyğun olaraq, yol yatağı çınqıllı ballast bünövrə üzərində qurulur və sonra dəmir-beton şpallar düzülür. Yolun üstquruluşu avadanlıqları və təmas relsi yenilənir. Onu da əlavə edək ki, texniki-istismar tələbləri, həmçinin iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, deponun bütün dəmir yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi nəzərdə tutulub. Hazırda təmiri aparılan sahələrdə 2 mindən artıq şpal dəyişdirilib. Bu sırada "Bakmil" stansiyasının, həmçinin inşası tamamlanmaq üzrə olan sınaq yollarında, deponu Azərbaycan dəmiryolları ilə birləşdirən sahənin yollarında bu şpallar qoyulub”.

Son xəbərlər

Orphus sistemi