Yuxarı
    Bağlamaq

    ​Nazirlik: Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində şirkətlərlə danışıqlar aparılır

    Karbamid zavodunun tikintisinə 2300 nəfər cəlb olunub

    Bakı. 21 iyul. REPORT.AZ/ Hazırda Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin çəlb edilməsi istiqamətində bir sıra şirkətlərlə danışıqlar aparılır.

    "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında qeyd olunub.

    Bildirilib ki, bu günədək Sumqayıt Kimya Sənyae Parkının rezidentlərinin müraciətləri əsasında 30 təsdiqedici sənəd hazırlanıb və İqtisadiyyat Nazirliyində təsdiq edilərək müraciət edənə və müvafiq gömrük orqanlarına təqdim edilib ki, bunun nəticəsində rezidentlər 20 milyon manatadək vəsaitə qənaət ediblər.
    Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd. ABŞ dolları təşkil edəcək.

    Vurğulanıb ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib: "Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yenimüəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artır, rəqabətqabiliyyətliyi yüksəlir. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. İstehsalda yerli xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir görülür. Son dövrlərdə yaradılan tikinti materilalları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və elektrik kabellləri, iri qabaritli transfarmatorlar istehsalı daxili tələbatı tam ödəməyə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır. Hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək".

    İclasda sənaye parkları və məhəllələrinin bu sahədəki əhəmiyyəti diqqətə çatdırılıb, Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) 167 hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o cümlədən parkın əsas giriş yolunun, yeraltı texniki qalereyanın, ərazidaxili qaz, su və kanalizasiya xətlərinin, eləcə də kimyəvi tullantı suyu xətlərinin, ərazidaxili məişət tullantı suyu və yağış suyu şəbəkəsinin, yanğına qarşı, içməli və texniki su xətlərinin tikinti-quraşdırma işləri tamamlanıb, əlavə olaraq ayrılmış 127,96 hektar ərazidə söküntü və düzənlənmə işləri başa çatdırılıb. 

    Ümumiyyətlə, Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, xarici elektrik verilişi və ərazidaxili elektrik xətlərinin, 110 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Xarici elektrik verilişi xətlərinın və yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaqdır. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 8 rezidenti var.

    Qeyd olunub ki, tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 mln. avrodur. Hazırda zavodun tikintisinə 2300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi