Yuxarı
    Bağlamaq

    Muğanlı-Yevlax avtomobil yolunda təmir başa çatır

    Yolda 8 min kv. metr ərazinin asfaltlanması qalıb və bu işlərin yaxın günlərdə yekunlaşacağı bildirilir

    Bakı. 5 avqust. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. “Report” “Azəryolservis” ASC-nin məlumatına əsasən bildirir ki, yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8,4 və 38-145-ci km-lik hissələrində aparılır.

    Əsaslı şəkildə yenidən qurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 km, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10,5 metr təşkil edir.

    "Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri demək olar ki, tam icra olunub. Ərazidə 8 min kv. metrin asfaltlanması qalıb, həmin işlər yaxın günlərdə yekunlaşdırılacaq", - deyə şirkətdən bildirilib.

    Ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min paqon metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-si artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib.

    Bundan başqa Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli, biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə, sözügedən layihənin bu günə olan fiziki tərəqqisi 96% təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi