​Moskvada yaşayış evləri sürətlə ucuzlaşır

​Moskvada yaşayış evləri sürətlə ucuzlaşır Azərbaycanda da evlərin satışı ilə bağlı elanların sayı xeyli artıb
İnfrastruktur
6 Avqust , 2015 14:21
​Moskvada yaşayış evləri sürətlə ucuzlaşır

Bakı. 6 avqust. REPORT.AZ/ Moskva şəhərində yaşayış evlərinin ucuzlaşması prosesi sürətlə davam edir. Hazırda mərkəzə yaxın elit yaşayış binasındakı mənzili 6 ay öncə Moskva Dairəvi Avtomobil Yolunun arxasındakı bir mənzilin qiymətinə almaq mümkündür. Böhran səbəbilə qiymətlərdə kəskin azalma baş verib. Ev alqı-satqısı elanlarında qiymətlər dəyişməsə də, real alqı-satqı çox aşağı qiymətlə həyata keçirilir.

"Report" xəbər verir ki, yeni tikilən binalarda tikinti şirkətləri payızdan etibarən xərclərin artması səbəbindən evlərin qiymətini artıracaqlarını söyləsələr də, müştərilər buna heç bir əhəmiyyət vermir. Nəticədə, tikinti şirkətləri keçən cümə, iyulun 31-də internet vasitəsilə kütləvi satış elan edib.

Rusiya paytaxtında fəaliyyət göstərən əmlak alqı-satqısı şirkətlərinin birinin əməkdaşı bildirib ki, elanlardakı qiymətlərə baxmayaraq, alqı-satqı əməliyyatları bundan 20-25% aşağı qiymətlə aparılır: "Elit evlərdə vəziyyət daha da pisdir. Moskvanın "Rublyovka" elit ərazisində 1 il əvvəl 75 mln. rubla ( 2,5 mln. dollar) satılan malikanə üçün hazırda 45 mln. rubla (720 min dollar) alıcı tapılmır. Əgər əvvəllər Moskvada gündə 130-140 min satış elanı verilirdisə, indi ev satmaq istəyənlərin sayı artıq 220 minə çatıb".

Şirkət əməkdaşı hesab edir ki, budəfəki böhran 1999 və ya 2009-cu ildə baş verənlərə bənzəmir və bu, yeni həyatın reallığıdır: "Yaxın illərdə neftin qiymətinin düşməsi ilə əlaqədar ölkəyə maliyyə axınının kəskin azalacağı gözlənilir. Yaxın 3-5 ildə, bəlkə də heç vaxt evlər dollar ekvivalentində maksimal qiymətlərə çatmayacaq".

Evlərin qiymətinin formalaşmasına toxunan əmlakçı, Moskvada monolit bir binada mənzilin hər 1 kv.metri üçün xərcinin 40-45 min rubl olduğunu bildirib. Həmin mənzilin 150 min rubl/kv.m-ə satılmasının əsas səbəblərindən biri orta hesabla 20-30 min rublun korrupsiya xərclərinə aid olması ilə bağlıdır. Buna baxmayaraq, yenə də tikinti şirkətlərinə 100%-lik qazancın qalır. Bundan sonra isə analoji qazancın olmayacağı bir dövr başlayıb. Hazırkı vəziyyətdə böhrana yalnız öz kapitalı olan şirkətlər tab gətirə biləcək. Satdıqları mənzillərin puluna bina inşa edənlər isə iflasdan qurtula bilməyəcək.

Qeyd edək ki, Azərbaycanda evlərin alqı-satqısı ilə bağlı elanların yerləşdirildiyi saytlardan birində bu il Bakıətrafı bağ evlərinin satış elanları artıb. Belə ki, keçən il cəmi 8-10 səhifə olan elanların siyahısı hazırda 22-25 səhifəyə çatıb.

Son xəbərlər

Orphus sistemi