MİDA “ASAN Xidmət” mərkəzlərində “E-imza” almaq imkanı yaradıb

MİDA “ASAN Xidmət” mərkəzlərində “E-imza” almaq imkanı yaradıb Bunun üçün “Güzəştli mənzil” pəncərəsinə yaxınlaşmaq lazımdır
İnfrastruktur
3 Avqust , 2017 15:12
MİDA “ASAN Xidmət” mərkəzlərində “E-imza” almaq imkanı yaradıb

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə əməkdaşlığı genişləndirir.

MİDA-dan “Report”a verilən məlumata görə, Prezident İlham Əliyevin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza (“E-imza”) ilə mümkündür.

Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə “E-imza”nı (www.e-imza.az) “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıbr. Bu xidmət vətəndaşlara NRYTN-nin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim edilir.

“Elektron hökumət” ("E-hökumət") portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetinə daxil olmaq və mənzil seçmək üçün tələb olunan “E-imza” 3 avqust 2017-ci il tarixindən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.

“Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin “E-imza”nın alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.

“Güzəştli mənzil” sistemindən “E-imza” və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "E-hökumət" portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Elektron imzaya sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı "E- hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi