Yuxarı

MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın toplantısı keçirilir

Tədbir üç gün davam edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası Elmi-Texniki Komissiyanın 49-cu və informasiya texnologiyaları üzrə işçi qrupunun 32-ci iclası işə başlayıb.

“Report”un Azərbayan Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova, Ukraynanın standartlaşdırma üzrə milli orqanları və Dövlətlərarası Şuranın, Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.

İclası giriş sözü ilə açan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev standartlaşdırma sahəsində qurulmuş dövlətlərarası əməkdaşlıqdan danışıb. Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Sonets bir daha Bakıda olduğundan məmnunluğunu bildirib və keçirilən iclasların ölkələrarası əlaqələrin inkişafı üçün önəmini vurğulayıb.

Elmi-Texniki Komissiyanın iclası çərçivəsində Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, 2016-2020-ci illərdə standartlaşdırma üzrə aparılacaq işlərdə prioritetlərin təyini, dövlətlərarası standartlaşdırmanın inkişaf etdirilməsinin “Yol xəritəsi”, 2015-ci il üzrə yeyinti məhsullarının standartlaşdırılması üzrə iş planı və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.

İnformasiya texnologiyaları üzrə işçi qrupunun iclası çərçivəsində isə Dövlətlərarası Şuranın fəaliyyətinin informasiyalaşdırılmasının inkişaf konsepsiyası, Şuranın informasiya təminatı sisteminin fəaliyyəti, üzv ölkələrin standartlaşdırma üzrə ekspertlərinin reyestrinin yaradılması və digər mövzularda müzakirələr olacaq. 

Tədbir 3 gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi