Yuxarı

​Mayın 29-dan Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ediləcək

Bu hərəkət zolağından istifadə etmək, dayanmaq, durmaq və parklanmağa icazə verilməyəcək

Bakı. 18 may. REPORT.AZ/ İyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının əsas marşrut şəbəkəsi və hərəkət zolaqlarında xüsusi qaydalar tətbiq olunacaq. "Report" xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, bu qaydalar Bakı şəhəri sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi daşıyır.

Məlumata görə, oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb. Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb.

Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub. Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətləri və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.

Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.

Bu qaydaları pozan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaq. Mayın 29-dan etibarən bu zolaqlar fasiləsiz olaraq (24 saat) DYP və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı DYP-nin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi