Yuxarı

Lökbatan dairəsi-Bibiheybət yolu bağlanıb

Bu yolda nəqliyyatın hərəkəti axşam saatlarındək məhdudlaşdırılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün Ələt-Astara magistral yolunun Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin "Report"a verdiyi məlumata görə, işarələnmə işləri saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-də start verib. “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılıb. Prospektdə “Oyunlar zolağı”nın çəkilişləri artıq yekunlaşdırılıb.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi