Yuxarı

"Laçın" tankeri dünya sularında hərəkət edə bilər

"Laçın" tankeri dünya sularında hərəkət edə bilər
© Report / Firi Salim

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) “Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, danışıqlardan asılı olaraq tankerin dünya sularında və yaxud Xəzər dənizində hərəkət etməsinə qərar veriləcək.

"Tankerin texniki imkanları icazə verir ki, o, maksimum yüklə, Volqa-Don kanalı ilə həm dünya sularında, həm də Xəzər dənizində hərəkət edə bilsin. Əvvəllər gəmilər Volqa-Don kanalı dar olduğu üçün oradan keçə bilmirdilər, amma yeni tankerdə bütün bu xüsusiyyətlər nəzərə alınıb", - M.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ASCO-nun sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş “Laçın” tankerinin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi