Yuxarı
    Bağlamaq

    İran Əmirabad limanında bərə terminalının tikintisində Azərbaycanın təcrübəsindən faydalanacaq

    Bu, limanının nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri arasında keçirilən görüşdə müzakirə edilib© http://www.acsc.az/az

    Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakıda İranın Əmirabad limanının nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüb. 

    Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, iki qonşu və dost ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən İranın Azərbaycandakı səfirliyinin müşaviri Əli Abbasi belə görüşlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

    Podratçı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi görüşdə Kamal Abdullahi təmsil etdiyi Əmirabad limanında hazırda aparılan tikinti işləri haqqında məlumat verib. Limanda bərə terminalının da inşa edildiyini deyən qonaq tikinti işlərinin yaxın bir il ərzində başa çatacağını bildirib. Onun sözlərinə görə, limanda bərə terminalının fəaliyyətə başlaması gələcəkdə daşınacaq yüklərin həcminin artmasına səbəb olacaq. K. Abdullahi Əmirabadda bərə terminalının tikintisi və bərə tipli gəmilərin idarə olunmasında azərbaycanlıların zəngin təcrübəsindən faydalanmaq istəklərini xüsusilə qeyd edib.

    Gəmiçiliklə İran şirkətlərinin əlaqələrinə toxunan R. Vəliyev bu görüşün iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacağına inamını ifadə edib. Bərə terminallarının tikintisində azərbaycanlı mütəxəssislərin zəngin təcrübəsi olduqlarını bildirən R.Vəliyev Qazaxıstanın Kurık bərə kompleksinin inşasında da Gəmiçiliyin əməkdaşlarının təcrübəsindən yararlandıqlarını diqqətə çatdırıb. Söhbət zamanı Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Gəmiçiliyin donanmasında hazırda 13 tip bərə, 2 tip "Ro-Ro" gəmilərinin olduğu qeyd edilib: "Yaxın günlərdə isə yeni nəsil "Ro-Pax" tipli gəmilərin Bakı Gəmiqayırma Zavodunda metal kəsimi baş tutacaq". 

    Gəmiçiliyin rəhbərinin sözlərinə görə, Əmirabad bərə terminalının işə salınması bir çox digər layihələrin də reallaşmasına imkan yaradacaq.

    Görüşdə iranlı qonaqların Bakı Beynəlxqalq Dəniz Ticarəti Limanında bərələrlə tanışlığı, onların körpüyə yanalma, dəmir-yolu qatarlarının bərəyə daxil olması proseslərini daha yaxından izləməyə dair razılıq əldə olunub. Bundan başqa, danışıqlarda ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi