Yuxarı
    Bağlamaq

    İqtisadçı ekspertlər Azərbaycan gömrüyündəki yoxlamaların sadələşdirilməsini şərh ediblər

    Onların fikrincə, Prezidentin oktyabrın 22-də imzaladığı fərman vətəndaşların incidilməsinin qarşısını alacaq, qiymətlərin ucuzlaşmasına səbəb olacaq

    Əli Məsimli: "Artıq insanlar ölkəyə gələndə və gedəndə onların psixi durumuna mənfi təsir edən hallarla qarşılaşmayacaqlar, lazım olan malları rahatlıqla gətirəcəklər"

    Vüqar Bayramov: "Fiziki şəxslərə 10 min dollara qədər olan malları gömrük rüsumu ödəmədən Azərbaycana keçirmək icazəsi verilməsi istehlak bazarında qiymətlərin tənzimlənməsi və aşağı düşməsinə gətirib çıxaracaq"

    Bakı. 23 oktyabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti kifayət qədər ciddi və sensasiya sayılacaq addım atıb. Artıq insanlar ölkəyə gələndə və gedəndə onların psixi durumuna mənfi təsir edən hallarla qarşılaşmayacaqlar, lazım olan malları rahatlıqla gətirəcəklər".

    Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli Azərbaycan Prezidenti İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edərkən bildirib.

    Ə.Məsimli insanların əvvəlki qaydalardan narazı olduğunu vurğulayıb: "Xaricdən Azərbaycana gələnlərin özləri üçün lazım olan malları gətirmək məsələsində o qədər kiçik məbləğ qoyulmuşdu ki, bu, insanlarda narahatlıq yaradırdı. Onlar özlərinin şəxsi istehlakı üçün lazım olan malları belə gətirə bilmirdilər. İnsanlar üzləşdikləri problemlərlə bağlı dövlət orqanlarına xeyli sayda müraciətlər ediblər. Hesab edirəm ki, bu problemi çox uğurlu şəkildə həll etmək güzəşt edilən məbləği bir neçə dəfə qaldırmaqdan ibarət ola bilərdi".  

    Deputat qeyd edib ki, yeni güzəştlər avtomobil və kommersiya məqsədi ilə gətirilən məhsullara şamil edilmir: "İnsanlar özlərinə lazım olan və dəyəri 10 min dollaradək olan mallar gətirəndə problem yaranmayacaq. Hesab edirəm ki, bu, həm düzgün addımdır, həm də bu sahədə olan narazılıqları radikal həll etmək üçün atılan addımdır. Prezidentin fərmanını müsbət qiymətləndirirəm".

    Ə.Məsimli deyib ki, bu sahədə yenə hansısa problem olsa, dövlət başçısı tərəfindən həmin nüanslar nəzərə alınacaq. 

    Yalnız fiziki şəxslər-sadə vətəndaşlar üçün deyil, hüquqi şəxslər-sahibkarlar üçün də belə bir fərmana ehtiyac olub-olmadığına gəlincə, deputat ölkədə sahibkarlığın inkişafı istiqamətində radikal addımların atıldığını vurğulayıb: "Sahibkarlar üçün yoxlamaların qarşısının alınması, lisenziyaların azaldılması, şəffaflığın artırılması istiqamətində radikal addımlar atılıb. Və kompleks surətdə sahibkarların xeyrinə radikal addımlar atılmaqda davam edəcək."

    İqtisadçı ekspert Vüqar Bayramov "Report"a açıqlamasında deyib ki, fiziki şəxslərə 10 min dollara qədər olan malları gömrük rüsumu ödəmədən Azərbaycana keçirmək icazəsi verilməsi istehlak bazarında qiymətlərin tənzimlənməsi və aşağı düşməsinə gətirib çıxaracaq.

    O qeyd edib ki, Prezidentin son fərmanı Azərbaycan vətəndaşlarının 10 min dollaradək istehlak məhsulları alaraq ölkəyə gətirmələrinə imkan verir: "Nəticədə vətəndaşların seçim imkanları genişlənəcək. Seçim hüququnun olması da vətəndaşa hansı bazardan məhsul almaq qərarında sərbəstlik verir. Bundan başqa daxili bazarda rəqabətin güclənməsinə və daxili bazarda qiymətlərin tənzimlənməsinə təsir edəcək. Daxili bazarda qiymət təznimlənməsi olacaq. Vətəndaşın aldığı məhsulu rüsumsuz Azərbayacana gətirmək imkanı əldə etməsi sahibkarlara bir siqnaldır. Bu fərmandan sonra sahibkarlar satdıqları məhsulların qiymətlərinə yenidən baxmalıdırlar və aşağı salmalıdırlar".

    V.Bayramov bildirib ki, bu fərman prosedurların sadələşdirilməsinə imkan verəcək: "Burada yalnız məbləğin deyil, gömrük prosedurlarının, qaydalarının sadələşdirilməsindən, proseslərin şəffalaşdırılmasından söhbət gedir. Ona görə də fərmandan qazanan tərəf vətəndaşlar olacaq. Fərmanın verdiyi üstünlüklərdən faydalanaraq öz istehlak mallarını daha ucuz əldə etmək imkanı qazanacaqlar".

    Ekspertin sözlərinə görə, məbləğin 10 min dollaradək qaldırılması hazırkı alıcılıq qabiliyyətinə, istehlak xərclərinə uyğundur: "Mövcud alıcılıq qabiliyyətini, istehlak xərclərini nəzərə alsaq, məbləğin 10 min dollara qaldırılması uyğun qiymətləndirilə bilər. Nəzərə alsaq ki, vətəndaşın şəxsi istehlak üçün məhsulu heç bir vergi ödəmədən ölkəyə gətirməsi kifayət qədər böyük dövriyyədir. Düşünmürəm ki, məbləğ aşağıdır. 10 min dollar mövcud qiymətlər səviyyəsinə uyğun qiymətləndirilməlidir. Həmin məbləğin artırılması mümkündür. Gələcəkdə həmin məbləğin artırılması alıcılıq qabiliyyətində, mövcud istehlak bazarında qiymətlərin səviyyəsindən asılı olacaq. Həmin məbləğin istehlak bazarındakı möcud qiymətlərə uyğunlaşdırılır".

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

    Dövlət başçısının fərmanına görə, gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsini nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi