Bakının iki prospektini birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır

Bakının iki prospektini birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır Yenidənqurma işləri müəyyən olunun qrafikə uyğun həyata keçirilir
İnfrastruktur
10 İyun , 2015 11:06
Bakının iki prospektini birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının iki əsas prospekti, Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

"Report"un"Azəryolservis" ASC-yə istinadən verdiyi xəbərə görə, işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.

"Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2 200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə, küçə boyu 45 min kv. metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub", - deyə şirkətdən bildirilib.

Küçə boyu 8 200 paqon metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Hazırda səkilərdə və ayırıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

"Yenidənqurma işləri müəyyən olunan qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib", - deyə şirkətdən əlavə ediblər. 

Qeyd edək ki, yenidənqurma “Azəryolservis” tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi