Yuxarı

Hacıqabul-Kürdəmir avtomobil yolunun açılış mərasimi keçirilib

Layihə üzrə yolun ümumi eni 27,5 metrdir, hərəkət zolaqlarının sayı isə 4-ə çatdırılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü kilometrlik Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. "Azəryolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, mərasimində cəmiyyətin sədri Saleh Məmmədov iştirak edib.

Qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2009-2013-cü illər) əsasən, İpək yolunun bir hissəsi olan Hacıqabul-Kürdəmir avtomobil yoluna iki zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrasına 2011-ci ilin dekabr ayında başlanılıb.

Layihə üzrə yolun ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasın alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə üçqat olmaqla qalınlığı 25 sm-dir (bitumlu lay 12 sm, əlaqələndirici lay 8 sm, aşınma layı 5 sm).

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Girdman çayı üzərində köhnə hidravlik körpünün gücləndirilməsi ilə svay vurma işləri aparılıb.

Bundan başqa, yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi yol boyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi aparılıb, yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi