Yuxarı

Gürcüstanda təyyarə hissələri zavodu tikilir

Artıq müəssisəyə ilk sifariş də verilib

Bakı. 11 mart. REPORT.AZ/ İsrailin "Elbit Cyclone" yüksək texnologiyalar şirkəti Gürcüstanda sərnişin təyyarələri üçün kompozit materiallardan detallar istehsal edən zavod inşa edir. "Report"un "Qafqazplyus" agentliyinə istinadən verdiyi xəbərə görə, zavodun istehsal etdiyi hissələr "Boeing", "Airbus", "Bombardier" və s. qabaqcıl sərnişin təyyarələrində istifadə olunacaq. Beynəlxalq standartlara cavab verən zavodun tikintisi Tbilisi beynəlxalq aeroportuna bitişik ərazidə həyata keçiriləcək.

Gürcüstan baş nazirinin müavini Dmitri Kumsişviliyə görə, zavodun 2017-ci ilin sonunda işə salınması planlaşdırılır. İlkin mərhələdə zavodda 60 mütəxəssisin işləməsi gözlənilsə də, 85 mln. dollar dəyərində olan bu layihə çərçivəsində sonrakı mərhələlərdə 300 nəfər işlə təmin ediləcək. Yerli işçilər İsraildən gələn mütəxəssislər tərəfindən hazırlanacaq. 

Müəssisədə istehsal edilən mallar xaricə ixrac olunacaq. Hazırda zavodun dizaynı və təchizatı ilə bağlı işlər görülür. Artıq adı açıqlanmayan məşhur aviasiya şirkətlərindən biri ilk məhsulu sifariş edib. Zavod əsasən təyyarələrin aerodinamik səthini, nəzarət panelləri, qapılar və s. istehsal edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi