Yuxarı

​Göyçay-Ucar avtomobil yolu yenidən qurulub

Ərazidə 4 ədəd yeni körpü inşa edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Göyçay-Ucar avtomobil yolu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən tam olaraq yenidən qurularaq sürücülərin ixtiyarına verilib. Bu barədə cəmiyyətdən "Report"a daxil olan xəbərdə bildirilir.

Yenidən qurulan yolun ümumi uzunluğu 19 km-dir və iki hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, avtomobil yolunun ümumi eni 12 metr təşkil edir. Ümumilikdə, yolun yerləşmə ərazisi 230,4 min kv. metr sahəni əhatə edir.

Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyü tam olaraq çıxarılaraq, yol yatağında bərkitmə işləri aparılıb. Bundan sonra, 134,4 min kv. metr sahəyə 26,9 min kubmetr və ya 74,7 min ton yüksək keyfiyyətli yeni asfalt-beton örtük döşənib. Ümumilikdə, yola döşənən asfalt-beton örtüyünün qalınlığı 20 sm təşkil edir. Bundan bitumlu lay 8 sm, əlaqələndirici lay 7 sm və aşınma layı 5 sm-dir.

Müvafiq olaraq yolun çiyinləri də uyğun material doldurularaq kipləşdirilib. Sözügedən işlər zamanı 76 min kubmetr optimal çınqıl qarışı və 24,9 min kubmetr qırmadaş istifadə olunub.

Göyçay-Ucar avtomobil yolunda aparılan işlər zamanı 4 ədəd yeni körpü də inşa edilib. Onlardan 3-ü hidravlik, 1-i isə dəmiryolu körpüsüdür. Hidravlik körpülərdən 2-si bir aşırımlı olmaqla, birinin uzunluğu 35 m, digərinin 22 m təşkil edir. 3-cü körpünün isə uzunluğu 44 m olmaqla, 3 aşırımdan ibarətdir. Dəmiryolu üzərində inşa edilən körpünün də uzunluğu 44 m olmaqla, 3 aşırımdan ibarətdir.

Yola zəruri olan yerlərdə 18 ədəd suötürücü dairəvi boru yerləşdirilib, yolun bütün hissələrində yol hərəkəti qaydalarına uyğun olaraq termoplastik boya ilə üfüqi yol nişanlanması tətbiq edilib, kilometrajı göstərən dirəklər, işarə və xəbərdarlıq lövhələri quraşdırılıb, lazımi yerlərə avtobus dayanacaqları, həmçinin körpülərə və hündür tökmələrin olduğu yerlərə polad baryerlər qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi