Yuxarı

Füzulidə uzunluğu 32,5 km olan yolun tikintisi başa çatıb

Ümumilikdə 230 min kv. m ərazi asfaltlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi yekunlaşdırılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, avtomobil yolunda xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişi xeyli çətinləşirdi, rayon mərkəzinə sərnişin və yük daşımasında problemlər yaşanırdı. Artıq bu problemlər köklü şəkildə aradan qaldırılıb.

Uzunluğu 32,5 km olan Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, yol yatağının eni 12 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının və 20 yerdə su keçidlərinin, həmçinin su borularının tikintisi işləri aparılıb. Yuxarıda sadalanan işlərə paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 230 min kv.m ərazi asfaltlanıb.

Hazırda yol boyu çiyinlərin bərkidilməsi işləri aparılır. Yolun zəruri olan yerlərində yol nişanlarının quraşdırılması və xətlənməsi işlərinin də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi