Yuxarı

"​Formula-1"lə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq

Bakı. 12 may. REPORT.AZ/ Hökümət Evinin arxa tərəfində Bakıda "Formula-1" üzrə Avropa Qran-prisi ərəfəsində keçiriləcək yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib. 

Bakı Şəhər Halqasından "Report"a verilən məlumata görə, bu səbəbdən Üzeyir bəy Hacıbəyli küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.

Bundan başqa, Bakı Şəhər Halqası trek boyunca təhlükəsizlik baryerləri quraşdırılması səbəbindən sakinlərə müraciət edib. Müraciətdə Halqanın keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillərin iş prosesini ləngitdiyini, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəllədiyi bildirilir. Bu səbəbdən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti əhalidən A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərinizi saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran-prisi 17-19 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi