Yuxarı

FHN: Azərbaycanda Nüvə Araşdırma Mərkəzinin yaradılması prosesi 2-3 il davam edə bilər

Obyektin tikilməsinə və istismara verilməsinə qədər MAQATE tələblərinin yerinə yetirilməsi ilə bağlı işlər görülməlidir

Bakı. 14 yanvar. REPORT.AZ/ "Nüvə Araşdırmaları Mərkəzinin yaradılması prosesi böyük zaman tələb edir".

Bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Xırdalanda Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi və bunun əhalinin təhlükəsizliyinə təsir edib-etməyəcəyi haqqında "Report"un sualını şərh edərkən bildirib. 

Onun sözlərinə görə, obyektin tikilməsinə və istismara verilməsinə qədər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 19 bənddən ibarət tələbləri yerinə yetirilməlidir: "Yəni bu məsələ çox ciddi və böyük əmək və sənədlər toplusu tələb edir. Heç bir ölkə, heç bir xalq odla oynamaq istəməz. Digər tərəfdən, tədqiqat reaktorları az gücə malik olurlar. Onlar şəhərlərdə yaradılır. Məsələn, Dubnadakı Kurçatov institutu buna misal ola bilər. Bunun qorxulu və ya təhlükəli olduğunu demək olmaz. Üstəlik, əgər MAQATE-nin bütün şərtlərinə əməl olunacaqsa".

F.Tağızadə qeyd edib ki, Azərbaycanın Nazirlər Kabinetinə ölkənin 14 nazirlik və idarələrdən ibarət böyük işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürüləcək, onlar bütün bu məsələlərin həllində iştirak edəcəklər: "Hesab edirəm ki, hazırlıq üçün azı 2-3 il tələb olunacaq. Bu çox uzun prosesdir. Layihələndirmə, reaktorun necə olması, gücü ilə bağlı məsələlər böyük zaman tələb edir".

Nazir müavini vurğulayıb ki, layihənin reallaşdırılmasında KİV ilə işlərin aparılması MAQATE və Avropa Birliyinin əsas tələblərindən biridir.
Təhkükəsizlik və prosesin necə həyata keçirilməsindən başqa, MAQATE və AB-nin əas tələblərindən biri media ilə ünsiyyət və əhalinin daim proseslərdən xəbərdar olmasıdır. O bu məsələ ilə bağlı Azərbaycan ərazilərinin yoddan təmizlənməsi işlərini misal gətirib: “Mən tıxaclardan qorunmaq üçün xammalın axşam daşınmasını təklif etdim. Ekspertlər qəti sürətdə buna etiraz etdilər. Çünki insanlar nəsə təhlükəli bir şeyin daşındığını düşünə bilərlər. Yaxşısı budur ki, hər şey gündüz edilsin və hər kəs görsün."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi