Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsi Gəncədə "Açıq qapı" günü keçirib

Bu ilin ilk rübündə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

Bakı. 5 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi bu gün Gəncə şəhərinin sakinləri üçün “Daşınmaz əmlakın qeydiyyatında bir pəncərə və ictimai məmnunluq” adı altında “Açıq qapı” günü – vətəndaş forumu keçirib.

“Report” Komitəyə istinadən bildirir ki, eyni gündə Komitənin yeni formatda davam edən “Kütləvi çıxarış” kampaniyası vətəndaşların birbaşa öz evlərində, mənzillərində reallaşıb. Bir çox fiziki məhdudiyyətli insan daşınmaz əmlakına dair çıxarışını evində alıb. Həmçinin, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlər də qəbul edilib.

Bildirilib ki, vətəndaşlar artıq bir ünvana, bir quruma müraciət edərək daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata aldıracaqlar. Bununla da, vətəndaşların əvvəllər torpaq sahələri ilə bağlı müvafiq sənədlər üçün ayrı-ayrı qurumlara getmək məcburiyyəti aradan qalxıb. Bu da vaxt itkisinin və digər çətinliklərin qarşısının alınmasına səbəb olub.

Bütün kateqoriyalı torpaqların elektron uçotu və məlumat bankı yaradılacaq, torpaqların dəqiq xəritələşməsi aparılacaq. Torpaq məlumat bankında və elektron bazada torpaq sahələri barədə detallı və dəqiq məlumatlar əks olunacaq. Həm dövlət, həm bələdiyyə, həm də vətəndaş mülkiyyətinin həcmi, ölçüsü, sərhədi aydın şəkildə əksini tapacaq. Torpaqların dəqiq koordinatlarının təyin edilməsi, torpaq sərhədlərində uyğunsuzluqların aradan qaldırılması maksimum təmin ediləcək. Bundan əlavə, dövlətə məxsus torpaq sahələri üzərində dövlət nəzarəti güclənəcək.

Həmin gün Gəncədə “Kütləvi çıxarış” kampaniyası bilavasitə yerlərdə və vətəndaşların ünvanlarında həyata keçirilib. Vətəndaşlara əvvəlcədən müəyyən edilən yerlərdə Komitənin mobil ofisləri vasitəsilə həm hazır çıxarışları təqdim edilib, həm də çıxarışla əvəz olunması üçün onların qeydiyyatla bağlı sənədləri qəbul edilib.

Gəncədə kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 50-yə yaxın vətəndaşın sənədləri dövlət qeydiyyatına alınması və çıxarış verilməsi məqsədilə qəbul edilib. Qeyd edək ki, kampaniya yeni formatda son 2 ayda Zaqatala, Beyləqan və Şamaxıda baş tutub. İndiyədək ölkə üzrə keçirilən kampaniyadan ümumilikdə 3 500-dən çox vətəndaş faydalana bilib.

Məlumatda qeyd olunub ki, son illərdə Komitənin tətbiq etdiyi elektron, onlayn, SMS və mobil ofis xidmətləri, qeydiyyat prosesinin sadələşməsi, eləcə də mütəmadi keçirilən “kütləvi çıxarış” kampaniyası daşınmaz əmlakın qeydiyyatının artmasına səbəb olub. İlin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. 2015-ci ilin I rübündə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi