Yuxarı

​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir sıra obyektlərə göstərişlər verib

Səyyar qaydada 165 obyekt üzrə isə göstərişlər yerli icra hakimiyyətlərinə göndərilib

Bakı. 21 yanvar. REPORT.AZ/ “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tikintisi davam edən obyektlərə baxış keçirən zaman yol verilən nöqsanların aradan qaldırılması üçün ötən il Bakı şəhərində 4, Sumqayıtda 5, Abşeron rayonunda isə 3 obyekt üzrə icrası məcburi olan göstərişlər verib.

“Report” xəbər verir ki, bu, Komitənin 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında qeyd edilib. Bundan əlavə, nəzarət qaydalarının tələblərinə uyğun olaraq səyyar qaydada Zaqatala, Göyçay, Ağsu, Kürdəmir, Qusar, Şəmkir, Xaçmaz, Goranboy, Sabirabad, Şabran, Göygöl, Hacıqabul, Ucar, Masallı, Biləsuvar və Quba rayon icra hakimiyyətlərinin şəhərsalma fəaliyyəti müvafiq qaydada araşdırılaraq 165 obyekt üzrə icrası məcburi olan göstərişlər yazılaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Eyni zamanda, Komitə tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması, qəbul edilməsi məqsədilə şəhərsalma və tikintiyə dair 9 normativ sənəd aidiyyəti qurumlarla razılaşdırılıb və Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınaraq ölkə ərazisində qüvvəyə minib.

Komitənin sifarişi ilə 2015-ci ildə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən bir sıra mövzular üzrə 133,9 min manatlıq elmi-tədqiqat işləri yerinə yetirilib.

Bundan başqa, ötən il Komitəyə 280 vətəndaş müraciəti və müxtəlif xarakterli 1 721 xidməti sənəd daxil olub. Onlara aidiyyəti üzrə baxılıb və Komitənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülüb. Hesabat dövrü ərzində Komitə tərəfindən 1 620 xidməti sənəd hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Bu dövr ərzində Komitənin Kollegiyası tərəfindən 8 qərar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi