Dövlət Gömrük Komitəsi ilə BMT İP arasında saziş imzalanıb

Dövlət Gömrük Komitəsi ilə BMT İP arasında saziş imzalanıb Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
İnfrastruktur
11 İyun , 2019 19:44
Dövlət Gömrük Komitəsi ilə BMT İP arasında saziş imzalanıb

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, komitə sədri BMT İP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.

Səfər Mehdyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hasabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycan gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan S. Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi"nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

Komitə sədri əldə edilən nailiyyətlərdə BMT İP-nin müxtəlif sahələrdəki dəstəyinin mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

BMT İP-nin Rezident Nümayəndəsi A.Frakassetti Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin uğurlu nəticələrlə öz bəhrəsini verdiyini bildirən A.Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMT İP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək" layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi DGK-nın sədri S.Mehdiyev və BMTİP-nin Rezident Nümayəndəsi A. Frakassetti imzalayıblar.

İmzalanma mərasimindən sonra "Azərbaycan və Gürcüstan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək" layihəsi çərçivəsində BMT İP tərəfindən DGK-ya verilən nəqliyyat vasitələrinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi