​Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmətləri tətbiq ediləcək

​Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmətləri tətbiq ediləcək Bakıda "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" mövzusunda ictimai təqdimat keçirilib
İnfrastruktur
15 İyul , 2015 11:56
​Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmətləri tətbiq ediləcək

Bakı. 15 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Bakıda "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" mövzusunda ictimai təqdimat keçirib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin Aparatı və ərazi idarələri, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, bələdiyyələr və notariat orqanları, daşınmaz əmlak agentlərinin nümayəndələri iştirak ediblər.

Yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaq, həmçinin müasir dövrdə elektron əmlak idarəçiliyi sisteminin qurulmasında, məmur-vətəndaş ünsiyyətinin azaldılmasında yeni onlayn xidmətlərin rolu və faydaları barədə ictimaiyyəti məlumatlandırmaqdır.

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirilib ki, onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb. Belə ki, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb.

Əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib. Belə ki, ötən il daşınmaz əmlakın yüklülüyünə dair Forma-1 arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşib. Gələcəkdə isə daha yeni elektron və onlayn xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Komitənin onlayn xidmətləri, o cümlədən təqdimatı keçirilən yeni onlayn xidmət Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində istifadəyə verilib. Bu onlayn xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Komitə tərəfindən bu il vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 75 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 220 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət vətəndaşların istifadəsindədir.

Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.

Tədbirin sonunda sorğu nəticələri, eləcə də bu nəticələri özündə əks etdirən yekun hesabatla bağlı müzakirələr aparılıb və verilən suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi