Yuxarı
    Bağlamaq

    Ekspert rəyi: Azərbaycan daşınmaz əmlak bazarında qiymət artımı gözlənilmir

    Manatın devalvasiyası və aktivliyin düşməsi səbəbindən daşınmaz əmlakın ucuzlaşacağı da istisna olunmur

    Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda milli valyutanın kəskin devalvasiyasndan sonra daşınmaz əmlak bazarında qiymətlər hələ dəyişməyib və qarşıdakı aylar üçün də sabitlik proqanozlaşdırılır. Bunu manatın devalvasiyanın bazara təsirini "Report"a şərh edən "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib.

    "Daşınmaz əmlak bazarında onsuz da sönüklük var, bazarda aktivlik çox aşağıdır. Yəni, 2000-ci ildən sonrakı dövrdə aktivlik belə aşağı həddə olmayıb. Qiymətlərə gəlincə, hələ artım yoxdur və qiymətlər devalvasiyadan əvvəlki səviyyədədir. Bu həm ilkin və təkrar mənzil, həm də torpaq bazarına aiddir. Qarşıdakı 1-2 ay ərzində də qiymətlərdə artım olacağı proqnozlaşdırılmır. Köhnə qiymətlər qalacaq, çünki qiymətlər onsuz da maksimum həddədir", - deyə şirkət rəhbəri qeyd edib.

    N.İbrahimovun sözlərinə görə, devalvasiyadan sonra, bu həftə ərzində təkrar bazarda qiymətlərin əvvəlki məzənnə ilə dollara konvertasiyası aparılaraq, nəticədə artırılmasına cəhdlər olsa da, bazarda real tələbat olmadığı üçün satıcılar geri addım atmalı oldular: "Hazırkı vəziyyət onu deməyə əsas verir ki, indi qiymətlər stabilliyə daha çox meyilli olacaq və eyni səviyyədə qalacağı daha çox inandırıcıdır".

    Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı da manatın ucuzlaşmasının daşınmaz əmlak bazarına təsirini "Report"a  şərh edərkən bildirib ki, indiki halda qiymət artımından və ya azalmasından daha aktual olan məsələ daşınmaz əmlak bazarında əməliyyatların sayının kəskin azalmasıdır: "Bu proseslər daha çox qiymətin düşməsinə təsir göstərə bilər, çünki tələb azalır, alıcı qıtlığı yaranır və bu səbəbdən əmlakın ekspozisiya müddəti artır, realizə imkanları məhdudlaşır. Belə şəraitdə satıcı qiyməti azaltmağa məcbur olacaq. Eyni zamanda, daşınmaz əmlakın likvidlik əmsalı azalır, əməliyyatlar üzrə risklər artır. Bu baxımdan daşınmaz əmlak bazarında qiymət azalması daha aktualdır. Qarşıdakı 1-2 ayda qiymətlər şişirdilə, təxminən 10% həcmində arta, daha sonra isə ucuzlaşma ilə əvəzlənə bilər".

    İqtisadçı ekspert Vüqar Bayramov da qeyd edib ki, hələlik daşınmaz əmlak bazarında qiymət artımını proqnozlaşdırmaq çətindir, çünki tələbat aşağıdır: "Amma güman olunur ki, nisbətən ucuz olan köhnə evlərin qiymətində artım olsun".

    Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci il 21 fevral tarixli qərarı ilə həmin gündən etibarən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilib və bu həftənin sonunda məzənnə 1,0498 AZN/USD olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi