Dağılmış Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur - FOTO

Dağılmış Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur - FOTO Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb
İnfrastruktur
19 İyul , 2016 20:43
Dağılmış Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur - FOTO

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanda Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur. İlkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, I və II Nügədi kəndlərindən keçən 11,5 km-lik hissəsində təmir-tikinti işləri həyata keçirilir. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ötən əsrin 80-ci illərində əsaslı şəkildə təmir olunan yolun uzunmüddətli istismarı nəticəsində qabarmış və dağılmış hissələr yaranmışdı. Bundan başqa, yolun çiyin hissələrinin demək olar olmaması, yoldan keçən kommunikasiya xətlərinin bərbad vəziyyətdə olması vətəndaşların gediş-gəlişini xüsusən payız-qış aylarında xeyli çətinləşdirirdi. Bütün bunlar nəzərə alınaraq yolun bərpa olunmasına başlanılıb.

Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib, 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilib və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yol boyu zəruri olan yerlərdə kommunikasiya xətləri yenilənib, bəzi yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. 

Bundan başqa, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, 7 yerdə isə əlavə olaraq yeni su boruları tikilib. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 2 qat olmaqla yolun 82 min kv. m sahəsinin asfaltlanması nəzərdə tutulub. Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1500 paqon-metr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür.

Əsaslı təmir işləri çərçivəsində yolun 4-cü km-də uzunluğu 57 metr və 7-ci km-də uzunluğu 101 metr olan iki avtomobil körpüsünün təmiri də aparılıb. Hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri olmaqla körpülərin ümumi eni 8 metr təşkil edir. Körpülərdə piyada səkiləri və mühəccərlər də bərpa olunub. Yolda təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Hazırda təmir-bərpa işlərinin aparıldığı ərazi boyu təqribən 26 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi mövcuddur. Nəticədə həm bu əhalinin gediş-gəlişi rahatlaşır, həm onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaranır, həm də sözügedən ərazidə turizm potensialı daha da artır.

Son xəbərlər

Orphus sistemi