Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıya gedən yol yenidən qurulur - VİDEO

    Yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır© Azeravtoyol.gov.az

    Bakı. 15 mart. REPORT.AZ/ "Azəravtoyol" ASC işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun yenidən qurulmasına başlayıb. 

    Qurumdan "Report"a verilən məlumata görə, yolun layihə üzrə eni 12 metr, uzunluğu isə 9 km-dir. Bunun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.

    Layihəyə uyğun olaraq yol boyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 km-lik hissəsi asfatlanmaq üçün hazır vəziyyətə gətirilib.

    5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

    Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

    Ümumilikdə yolun təqribən 68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaaq üzrədir.

    Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək.

    Tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

    Yol Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi